Ecohub Ekoloji platformasının icraçı partnyorluğunun keçirdiyi layihə Qəbələdə!

Paylaşılıb: 7.5.2022

Qəbələ şəhərində “Tullantısız Dünya” proqramı çərçivəsində icra olunacaq “Təmiz Qəbələ” layihəsinə start verilib. "Coca-Cola" Fondunun dəstəyi, Ecohub Ekoloji platformasının icraçı partnyorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin əməkdaşlığı ilə həyata keçirilən layihə növbəti mərhələlərdə Sumqayıt, Mingəçevir və Quba şəhərlərində təşkil ediləcək. “Tullantısız Dünya” proqramının icra olunmasında məqsəd plastik tullantıları toplayıb təkrar emala yönəltməkdir. 2022-ci ilin sonuna qədər proqram çərçivəsində 300 ton plastikin toplanılaraq təkrar emala cəlb edilməsi planlaşdırılır. Həmin regionlarda yığımı həyata keçirmək üçün "ASAN xidmət" mərkəzlərinə irihəcmli tullantı qutuları yerləşdirilib. Bununla yanaşı, yığım prosesinə qeyd olunan regionlarda təhsil müəssisələri və müxtəlif obyektlərin də cəlb olunması planlaşdırılır. Eyni zamanda, layihə çərçivəsində yığım işi ilə yanaşı, əhali arasında təbliğat prosesləri və ekoloji rəy sorğuları da keçiriləcək. Layihə üzrə sorğu və maarifləndirmə işinin məqsədi əhali arasında təkrar emalla və tullantıların çeşidlənməsi ilə bağlı məlumatlılığın artırılması, eləcə də onların çeşidləmə ilə bağlı təkliflərini toplamaq və həmin dinamikanı ilbəil izləməkdir. Pilot olaraq plastiklərin toplanmasını ehtiva edən bu layihə gələcəkdə digər qablaşdırma tullantılarının da toplanmasını və təkrar emala göndərilməsini planlaşdırır. Qəbələ “ASAN xidmət” mərkəzində baş tutan tədbirdə könüllülərə “Ətraf mühitin mühafizəsi və təkrar emal mövzusunda” seminar təşkil olunub. Seminarda gənclər təlimçi-ekoloq tərəfindən ekoloji istiqamətdə və plastiklərin ətraf mühitə mənfi təsirləri, onların aradan qaldırılması ilə bağlı məlumatlandırılıblar.

slider-image
slider-image
slider-image
slider-image
slider-image